“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər arasında erkən nigah, qohum evliliklər və onların fəsadı olan irsi xəstəliklərə qarşı maarifləndirmə!” layihəsi davam edir.

Təlimlər üç ay müddətində 01 dekabr 2023 – 01 mart 2024-cü il tarixlərində Quba və Xaçmaz rayonlarında həyata keçiriləcəkdir. Ümumilikdə üç təlimi əhatə edəcək layihəyə 135 nəfər gənc cəlb olunacaqdır.

 Layihənin əsas məqsədi, erkən nigahların qarşısını almaqla,  qohumlar arasında nigahın mənfi nəticələri və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigahla girməsinin qarşısını almaqdır.

Layihənin növbəti təlimi Xaçmaz rayonunda yerləşən peşə liseyində keçirildi. Tədbiri giriş sözü ilə açan “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyinin sədri Tünzalə Cavadova layihənin əhəmiyyəti və vacibliyini nəzərə çatdıraraq, gənclərə erkən nigahlara, qohum evliliklərə qarşı birgə mübarizə aparmağın vacibliyindən danışdı.

Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Yaqut Məsimova, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclərlə iş sektorunun müdiri Elman Məmmədov erkən nigahlarla bağlı öz fikirlərini bölüşdülər və qohum evliliklərin gələcək nəsillərin sağlamlığını sual altında qoymasını və onun mənfi fəsadlarını gənclərin nəzərinə çatdırdılar.

Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradacaq və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir. Eyni zamanda təşkilat bu seminarların layihədən sonra da davam etdirilməsini təmin etməyi qarşısına məqsəd qoyur.

Qeyd edək ki, bu layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir.

Str.Jafar Khandan 26, apt.27, Baku, AZ 1130

   Tel: +99450 354 71 67;    

 Email: [email protected]