Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycanın bugünkü reallıqlarından və onların fonunda qarşıdakı dövrün hədəflərindən bəhs edərkən ilk olaraq diqqət tarixi Zəfərimizə, həmçinin suverenliyimizin tam bərpa olunmasıa yönəldilir. Müzəffər Ali Baş Komanan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində tariximizin Zəfər səhifəsini yazaraq, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa edərək xalqımızın yenilməzliyini, məğrurluğunu, tarixinə, torpaqlarına sahib çıxdığını və bir qarış torpağını belə düşmənə vermədiyini nümayiş etdirdi. Dünya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunun şahidinə çevrildi.

Dövlət başçısı İlham Əliyev 26 fevral Xocalı soyqırımı günündə Xocalı şəhərində bu rayonun ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha diqqəti bu kimi mühüm məqamlara yönəltdi. Xocalı faciəsindən geniş bəhs edən cənab İlham Əliyev vurğuladı ki, 30 il yox, 300 il keçsə də qəzəb bizi buraxmayacaq. Bu, təbiidir, biz insanıq. Ancaq eyni zamanda, biz, böyük xalqın nümayəndələriyik: “O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır. O böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində bizim torpağımız işğal altına düşməzdi. Biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdır. Bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki? Yenə də deyirəm, bütün bunlar təbii bizim fikirlərimizdir, duyğularımızdır. Yenə də deyirəm, biz qisasımızı aldıq, biz həm 44 günlük İkinci Qarabağ müharibəsi ərzində, həm birgünlük antiterror əməliyyatı zamanı böyük peşəkarlıq, qəhrəmanlıq, fədakarlıq göstərmişik. Bizim övladlarımız ölümə gedirdilər ki, bu torpaqları işğalçılardan azad etsinlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Azərbaycan xalqı 30 il dünyadan ədalət gözlədi. 27 il BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində saraldı. Amma bu reallığı da xüsusi qeyd etməliyik ki, bu qətnamələrin bəzən 1-2 saat ərzində icra edildiyi də diqqətdən kənarda qalmadı. Dünya ikili standartlara əsaslanan siyasəti ilə problemlərin daha da dərinləşməsinə səbəb oldu və bu gün də belə yanaşmalar davam edir. Bir halda ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri zamana və məkana görə tətbiq edilir, ədalət və beynəlxalq hüquq prinsipləri maraqlara qurban verilir, bu halda əksər dünya güclərindən ədalətli yanaşma gözləmək mümkünsüzdür. Ona görə “bəzi dünya gücləri” ifadəsini qeyd edirik ki, Azərbaycan 32 ildir Xocalı faciəsinin soyqırımı kimi beynəlxalq aləmə tanıdılması istiqamətində səylər göstərir. Dünyanın gözü qarşısında baş verən bu faciə qanlı cinayətdir. Onu inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Cənab İlham Əliyev sözügedən görüşdə onu da qeyd etdi ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında  böyük dövlətlərin adı yoxdur. Beynəlxalq təşkilatlar, onların çoxu bu faciəyə biganə qalmışdır.

Bu mühüm məqam dünyanın ikili siyasətinin göstəricisidir. Dünyanın gözü qarşısında baş verən qanlı cinayətə biganə yanaşmaq nə dərəcədə ədalətə və beynəlxalq hüquqa sığır? Əksər dünya gücləri atdıqları bu kimi addımları ilə hüquq probleminin yaşandığını təsdiqləməklə yanaşı, etimad mühitini sıfra endirirlər. Bu isə öz növbəsində əməkdaşlıq əlaqələrinin qurulmasına maneə yaradır, dünya güclərinə qarşı inamsızlığın artmasına gətirib çıxarır. 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsində də ikili siyasətin rolu böyükdür. Cənab İlham Əliyevin “Biz onilliklər ərzində çalışırdıq, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında qalan ərazilər beş ay bundan əvvəl azad edilmişdir” fikirləri bir daha bu kimi məqamlara işıq saldı.

Bu gün Azərbaycan yaratdığı yeni reallıqlarla dünyanın diqqətindədir. Ölkəmiz dünyanın ikili siyasəti ilə nə qədər üz-üzə qalsa da daim informasiya cəbhəsində üstünlüyünü qorumaq, daha da möhkəmləndirmək üçün səylərini artırır. Azərbaycanın beynəlxalq hüquqa, ədalətə söykənən siyasətinin uğurları göz qabağındadır. Bu gün Azərbaycanın sözünün imzası qədər dəyərini artıran əsas amil məhz xarici siyasətinin dəyişməz prinsipləridir. Ədalətə və beynəlxalq hüquqa böyük önəm verən ölkəmiz hər bir məsələnin bu prinsiplər əsasında həllinə səy göstərir.