Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev türk dünyasının  böyük bir ailə olduğunu önə çəkərək belə bir çağırışı edir ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir.

Türkdilli ölkələr arasında əlaqələrin inkişafı ümumilikdə türk dünyasının birliyini, həmrəyliyini şərtləndirir. Bu reallığı xüsusi qeyd etməliyik ki, dünya daim Azərbaycan və Türkiyənin yüksələn xətlə inkişaf edən münasibətlərinin fonunda türk dünyasının birliyinin şahidi olub. Artıq tarixi Zəfərimizdən sonra türk dövlətləri arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.

Martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfəri etdi. Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərir. Cənab İlham Əliyev bildirdi ki, bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk. Münasibətlərimizin dinamikası qarşılıqlı səfərlərimizin xronologiyasından aydın görünür. Son ilyarım ərzində cənab İlham Əliyev  Qazaxıstana dörd dəfə səfər edib. Həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üçüncü dəfədir ki, ölkəmizə gəlib.

İkitərəfli əlaqələrdən bəhs edərkən hazırkı dövrdə, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə dost ölkələrin dəstəyini, hədiyyəsini xüsusi qeyd etməliyik. Bu baxımdan Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikildiyini xüsusi qeyd etməliyik. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini bildirdi. Bu fikirlər, eyni zamanda, Prezidentlərin iştirakı ilə martın 12-də Mərkəzin açılış mərasimində də  səsləndirildi.

Onu da qeyd edək ki, Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli film çəkilib və nümayiş etdirilib. Bu, qazax xalqının Ümummilli Liderə verdiyi böyük dəyərin daha bir göstəricisidir. Qazaxıstan Prezidenti bu kimi məqamlara xüsusi diqqət yönəltdi.  “Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram” söyləyərək onu da əlavə etdi ki, mədəni-humanitar sahədə əlaqələrin inkişafına, möhkəmləndirilməsinə böyük diqqət yetiririk. Azərbaycanda Qazaxıstan mədəniyyət günləri böyük müvəffəqiyyətlə keçirildi. Prezident İlham Əliyevə Sumqayıt şəhərində bir küçəyə Qazaxıstanın məşhur maarifçisi Axmet Baytursınovun adının verilməsi qərarına görə  çox minnətdaram. Eyni zamanda, ötən il  Prezident İlham Əliyev ilə birgə  Qazaxıstanda dahi dövlət xadimi Ulu Öndər  Heydər Əliyevin şərəfinə adlandırılan  küçənin açılışı oldu. Belə təmaslar, şübhəsiz ki, davam edəcəkdir.

Əlaqələrin inkişafında qarşılıqlı səfərlərlə yanaşı, imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Qazaxıstan Prezidentinin bu səfəri zamanı da iki ölkənin gələcək inkişafında əhəmiyyətli rol oynayacaq sənədlər imzalandı. Ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ hüquqi baza tədricən daha da genişlənir.

Dövlət başçısı mətbuata bəyanatında bu məqamı da qeyd etdi ki, biz, həmçinin qarşılıqlı fəaliyyətin digər məsələlərini, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətimizi müzakirə etdik. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir.