Novruz bayramı öncəsi YAP Bərdə rayon təşkilatının kollektivi və fəalları antiterror tədbirləri zamanı həlak olmuş Xanağalı kəndindən şəhid Elməddin Lətifovun ailəsində olmuşlar. Görüş zamanı şəhid Lətifov Elməddin Qabil oğlunun 17 illik müddətdən artıq hərbi xidmətdəki igidliklərindən danışılmış, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 3 medal, 1 ordenlə layiq görülməsi, Aprel döyüşləri, Vətən müharibəsi və antiterror tədbirləri zamanı göstərdiyi qəhrəmanlıqlar xüsusu qeyd edilmişdir.

Təşkilatın sədri Fəqət Şadlinskaya Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında xalq, ordu birliyinin Qələbəni təmin edən əsas amil olduğundan danışaraq bildirmişdir ki, bu şəhid oğullar hər zaman Zəfər və şərəf tariximizdə yaşayacaqlar! Şəhidlərin xatirəsi dövlətimiz tərəfindən daim əziz və uca tutulur. Görüş zamanı şəhid Elməddin Lətifovun övladları Xankəndidə futbol oyunları zamanı Müzəffər Lider cənab İlham Əliyevlə birlikdə yarışı izlədiklərini əziz xatirəyə çevrildiyindən danışmışlar.

Şəhid Lətifov Elməddinin ailəsi ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısından məmnun olduqlarını bildirmişlər. Görüşün sonunda şəhid ailəsi Bərdə rayonunda küçə və ya məktəblərdən birinə bir orden və üç medalı olan şəhid Lətifov Elməddin Qabil oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün onun adına verilməsi istəklərinin müvafiq qurumlara çatdırılmasını istəmişlər.

YAP Bərdə rayon təşkilatı ailəyə müəyyən maddi və mənəvi dəstək olmağa çalışmışlar.