Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları başa çatsa da gündəmə gətirilən məsələlər ətrafında müzakirələr bu gün də davam edir. Hər bir tədbir mahiyyəti, gələcəklə bağlı müəyyənləşdirdiyi hədəfləri ilə diqqətdə olur. Bu toplantı bir daha Azərbaycanın enerji diplomatiyasının uğurlarını dünyaya təqdim etdi. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayan Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirir. Bu gün ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi imzalanan sənədlərdə, qarşılıqlı səfərlərdə özünün aydın ifadəsini tapır.

Dövlət başçısı İlham Əliyev toplantıdakı çıxışında “Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir” söyləyərək onu da əlavə etdi ki, Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik: “Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük.”

Keçilən yolun təhlili, əldə edilən uğurların fonunda cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur.

Azərbaycanın siyasətinin əməkdaşlığa hesablandığı bütün sahələrdə, xüsusilə enerji sektorunda özünü daha qabarıq şəkldə büruzə verir. Ölkəmiz bu əməkdaşlığa regional çərçivədə başladı. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi. Artıq çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verilib. Azərbaycanın enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət edir, millətləri, xalqları bir-birinə birləşdirir. Reallaşdırılan layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. Dövlət başçısı İlham Əliyevin 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş mərasimdə söylədiyi «Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi- Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır. Mən hesab edirəm ki, bu gün bu sahədə- neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır» fikirləri bugünümüzün reallıqlarında öz əksini tapıb.

Toplantıda gələcək planlardan bəhs edən cənab İlham Əliyev bildirdi ki, ilk növbədə, gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” neft ixracımızın əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarımızla razılığa gəlinib və bu əlavə töhfə olacaq. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq. Ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacaq. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır. Bununla yanaşı, “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlarımız var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar.

Gələcək hədəflər dövlət başçısı İlham Əliyevin “Biz hamımız nələrin baş verdiyini bilirik. Azərbaycan, qeyd etdiyimiz kimi yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin, eyni zamanda, heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz” fikirlərinin təsdiqidir.

Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb və nüfuz qazanıb. İllər keçdikcə qaz, elektrik enerjisi ixracatçısına çevrilib. Bu, ölkəmizin dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmasından, zəngin enerji potensialına malik olmasından, ən əsası bu imkanlardan səmərəli istifadə edərək iqtisadi inkişafının dayanıqlığını təmin etmək istəyindən irəli gəlir. Tarixi Zəfərimizdən sonra bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsi daha da aktuallaşıb. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötənilki toplantısında da bərpaolunan enerji sahəsində əməkdaşlıq geniş müzakirə edilmişdi.

Bu mühüm məqamları da qeyd edək ki, cari il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Cənab İlham Əliyev toplantıdakı çıxışında bu məsələləri xüsusi diqqətə çatdırdı.

Ölkə Prezidentinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibəsi də mühüm çağırışlarla diqətdə oldu. Bildirildi ki, Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik.

Həmçinin, layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.