Bərdə rayon Qarayusifli kənd sakini Xəlilzadə Pərviz Ağakişi oğlu Lənkəran Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, Zəngilan rayonu istiqamətində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının”N”saylı hərbi hissəsində xidmətdə olmuşdur. Bu il fevralın 12-də saat 13.37 radələrində Ermənistan hərbçilərinin sərhəd postlarımıza növbəti təxribatı nəticəsində hərbi qulluqçu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu ağır yaralanmış, helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilmişdir. Müalicə alan və qayğı ilə əhatə olunan Pərviz Xəlilzadənin səhhətində irəliləyiş olduğu üçün hazırda müvəqqəti evə buraxılmışdır. YAP Bərdə rayon təşkilatının kollektivi və fəalları Pərviz Xəlilzadənin yanında olmuş, onun səhhəti ilə maraqlanmışlar. Görüş zamanı YAP Bərdə rayon təşkilatını sədri Faqət Şadlinskaya, partiya fəalı Tərlan Musayeva və başqaları bugün dövlətimizin, xalqımızın və Ordumuzun öz əsgərinə necə arxa və dəstək olduğundan danışmış, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun elə həmin gün bir neçə saat ərzində həmin təxribata cavab olaraq Ermənistanın postunun darmadağın etməsindən söhbət açmış, dövlət sərhədlərimizin etibarlı əllərdə olduğundan qürur duyduqlarını bildirmişlər. Görüşdə Pərviz Xəlilzadə, onun valideynləri Ağakişi və Nailə Xəlilovlar göstərilən diqqət və qayğıya ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Təşkilatın kollektivi ailənin çətinlikləri ilə maraqlanmış, onlara müəyyən maddi və mənəvi dəstək olmağa çalışmışlar.